Tanınmış model, 2017-ci ildə Azərbaycan gözəli seçilən Raziyyat (Razi) Əliyevanı döyərək şantaj etməkdə təqsirləndirilən Ziya Hüseynovun məhkəməsinin baxış iclası keçirilib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 22 yanvar tarixində xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Cövdət Mehrəliyev ittiham aktını elan edib.
Təqsirləndirilən şəxs Ziya Hüseynzadə ona edilən ittihamla özünü təqsirli bilməyib.
O bildirib ki, ona irəli sürülən bütün epizodlar üzrə sübutları məhkəmə istintaqı dövründə təqdim edilərək əsaslandırılacaq.
Daha sonra hakim bildirib ki, iş üzrə ilk olaraq şahidlər ifadə verməlidirlər.
Məhkəmənin növbəti iclası yanvarın 31-nə təyin edilib.
Hadisə keçən ilin mayında baş verib. Belə ki, iş adamı Ziya Hüseynzadə keçmiş model sevgilisi Raziyyat (Razi) Əliyevanı döyərək ona hədə-qorxu və şantaj etməkdə təqsirləndirilib.
Model Razi Əliyeva sevgilisi Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, intim yazışmalarının sevgilisi tərəfindən yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları da İnstagram-da yayıb.