Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ötən gün Abşeron rayonunun Masazır qəsəbəsindəki Füzuli,49 ünvanında eyvandan yıxılan yeniyetmə Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar araşdırma aparır.
Bu barədə İnsanoid TƏBİB-yə istinadən bu gün, 4 yanvar tarixində xəbər verir.
Araşdırmanın nəticəsinə uyğun olaraq, aidiyyəti üzrə tədbirlər görüləcək.
"Zərurət yaranarsa, hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Hazırda Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 15 yaşlı Ayan Aslanovaya EKQ, KT, ultrasəs və laborator müayinələri, uşaq cərrahının, torakal cərrahın, reanimatoloqun, travmatoloqun və neyrocərrahın baxışı təmin olunub. Birgə konsiliumun nəticəsinə uyğun olaraq, hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir", - məlumatda qeyd olunub.
Sosial şəbəkələrdə yeniyetmənin eyvandan yıxılmasından sonra saat yarım ərzində təcili tibbi yardım maşınının gəlməməsi barədə məlumatlar paylaşılıb.