Tovuz rayonunda qatar 25 yaşlı gənci vuraraq öldürüb. Bu barədə 9 dekabr tarixində "Azərbaycan Dəmir Yolları" QSC məlumat verib.
Belə ki, bu gün saat 00:00 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus lokomotiv Tovuz-Qovlar mənzilində hərəkətdə olarkən 1998-ci il təvəllüdlü Tovuz rayonu Hacıhəsənli kənd sakini Eldəniz İsmayıl oğlu Cəfərov dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.
Nəticədə gənc hadisə yerində dünyasını dəyişib.
“Dəmir yolu xətlərini müəyyən olunmuş piyada keçidlərindən keçin, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun, qulaqlıqdan istifadə ətraf aləmlə əlaqəni məhdudlaşdırdığı üçün dəmir yolunu keçərkən ondan istifadə etməkdən çəkinin, qəflətən qatarın yoluna çıxmayın”, - deyə qurum piyadalara müraciət edib.