Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası otuz yeddi gündür yüksək fəallıq, iradə və əzmlə davam edir. Bu barədə 17 yanvar tarixində Report məlumat verib.
Gənc aktivistlər gün ərzində olduğu kimi, yüksək fəallıq göstərirlər. Onlar gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar.
Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.