Müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində ölkədə akkreditə olunmuş, iqamətgahı Bakıda və Ankarada yerləşən diplomatik korpusun nümayəndələri, eləcə də hərbi attaşelər mayın 6-da Naxçıvan şəhərinə gediblər. Bunun üçün Bakıdan və Ankaradan Naxçıvana xüsusi çarter reysləri təşkil olunub.
Bu barədə 6 may tarixində Report məlumat verib.
"Heydər Əliyev və Azərbaycanın xarici siyasəti" mövzusunda keçirilən konfransın iştirakçıları ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Qeyd edək ki, konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko və ölkəmizdəki səfirliklərin rəhbərləri və nümayəndələri iştirak edirlər.