Xırdalanda narkotik satan 6 nəfər saxlanılıb. Bu barədə 13 fevral tarixində Daxili İşlər Nazirliyindən İnsanoid-ə məlumat verilib.
Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Fəxri İsayev, Musfiq İsayev, Asim Ağayev və Samir Rzayev saxlanılıblar.
Bu şəxslər izahatlarında narkotikləri şəxsi istifadələri üçün Xırdalan şəhərində yaşayan Aqil adlı şəxsdən aldıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs - Aqil Əsgərov da saxlanılaraq istintaqa təqdim edilib. Onun yaşadığı evə baxış zamanı 4 kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkar edilib. Aqil Əsgərov ifadəsində Xırdalan şəhəri və ətraf ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.
Digər əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər – Amil Talıbov da saxlanılıb. Həmin şəxsdən 1 kiloqrama yaxın marixuana aşkar olunub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.