“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına “Handysize” ölçü tipli ilk gəmi qəbul edilib.
Bu barədə İnsanoid səhmdar cəmiyyətinə istinadən bu gün, 27 may tarixində xəbər verir.
Məlumata görə, bununla da, ASCO quru yüklərin daşınmasında yeni seqmentə daxil olub.
Prezident İlham Əliyevin tapşırığına əsasən, gəmiyə tarixi torpağımız Xocalının adı verilib.
Çində Dövlət Himnimizin sədaları altında gəmidə Azərbaycanın üçrəngli Dövlət Bayrağı qaldırılıb və “Xocalı” istismara qəbul olunub.
Gəminin alınması üzrə maliyyələşmənin 70%-i Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı kredit vəsaiti, 30%-i isə ASCO-nun daxili imkanları hesabına həyata keçirilib.
“Xocalı” gəmisi 38593 ton yükgötürmə imkanına malikdir. Bu da ASCO-nun mövcud quru yük gəmilərinin yükgötürmə qabiliyyətindən təxminən 8 dəfə çoxdur. Gəminin uzunluğu 180 metr, eni 30 metr, bortunun hündürlüyü 15 metr, suya oturumu 10,47 metr, maksimum sürəti 15,7 uzeldir. Suya oturumu maksimum yük götürməklə onun bir çox dayaz limanlara belə rahatlıqla daxil olmasına şərait yaradır.
“Xocalı” gəmisinin yükləndikdən sonra ilk səfəri Cənubi Koreyanın “Bakpyung” limanından ABŞ-nin “Portland” limanınadır. Bununla da “Xocalı” müstəqil Azərbaycan Bayrağı altında Amerika sularında üzəcək ilk gəmi olacaq.