Biləsuvarda 29 nəfərə qarşı dələduzluq edən şəxs həbs olunub. Bu barədə 8 aprel tarixində Report məlumat verib.
Məlumata əsasən, ötən ilin avqust ayından “DOST İş Mərkəzi” MMC-də ictimai işlərə cəlb olunmuş şəxs özünü Dövlət Məşğulluq Agentliyinin işçisi kimi təqdim etməklə işlə təmin edəcəyi barədə yalan vədlər verərək 29 nəfər şəxsdən ümumilikdə 16 min manat məbləğində pul ələ keçirib.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda “xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq” və “rüşvət verməyə təhrik etmə” maddəsilə cinayət işi açılıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir.