Müdafiə Nazirliyinin rəhbər heyəti Silahlı Qüvvələr Günü münasibətilə nazirliyin Baş Klinik Hospitalını ziyarət edib. Bu barədə İnsanoid nazirliyə istinadən bu gün, 26 iyun tarixində xəbər verir.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın həyətində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyulub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb, onlara ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini hərbi qulluqçulara və tibb personalına çatdıran müdafiə naziri onlara bayram sovqatları təqdim edib.
Nazir tibb işçilərini bayram münasibətilə təbrik edib, müayinə və müalicə olunan hərbi qulluqçulara daha keyfiyyətli xidmət göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.