Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində 2 yaşlı A.İsmayılovun ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Məlumata görə, 2024-cü il təvəllüdlü azyaşlının valideynləri boşanıb; 9 yaşlı bacısı atası ilə, 2 yaşlı A.İsmayılov isə anası ilə yaşayırmış. Anası işlədiyi üçün körpəyə baxmaq məqsədilə onu ayda 250 manat ödəməklə dayəyə tapşırıb. Həmin dayənin daha dörd uşağa da baxdığı bildirilir.
Hadisə E.Mehdiyev küçəsində qeydə alınıb. İddiaya görə, anası mağazaya gedərkən uşağı müvəqqəti olaraq qonşusuna (dayəyə) tapşırıb. Qadın geri qayıdanda övladının pilləkəndən yıxılaraq vəfat etdiyini öyrənib. Hadisədən sonra uşağın anası ilə qonşusu arasında əlbəyaxa dava düşüb. Hadisə zamanı azyaşlının atası işdə olub.
Azyaşlının əmisi Teymur Əliyev bildirib ki, dayənin qayınanası hadisə baş verən kimi uşağı xəstəxanaya aparsa da, onun beyninə qan sızması nəticəsində vəfat etdiyi məlum olub. Əmisinin sözlərinə görə, ötən həftə də uşağın üzündə xəsarət olub və dayə fotosunu göndərərək onun yıxıldığını deyib.
Hadisədən sonra dayə və ailə üzvləri yaşadıqları kirayə evi tərk ediblər. Hazırda hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılır, uşağın ölüm səbəbi və hadisənin təfərrüatları araşdırılır.
Mənbə: Teleqraf.az