ABŞ-də vəfat etmiş 31 yaşlı qadının valideynləri ChatGPT-nin dərman qəbulunu dayandırmağa yönəlmiş tövsiyələr verdiyini iddia edərək OpenAI şirkətinə qarşı məhkəmə iddiası qaldırıblar. Bu barədə İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir.
İddia ərizəsinə əsasən, əvvəllər "Amazon" şirkətində mühəndis kimi çalışan Bouen Van epilepsiyadan əziyyət çəkib və xəstəliyinə görə lamotrigin adlı dərman qəbul edib. Valideynlərinin iddiasına görə, ChatGPT-nin GPT-4o modeli ona təxminən 25 gün ərzində dərmanın dozasını 400 milliqramdan sıfıra endirmək üçün plan hazırlayıb.
İddiaçılar bildirirlər ki, süni intellekt çatbotu qadını dərman dozasını azaltmaq barədə həkimlərindən məlumatı gizlətməyə təşviq edib, eyni zamanda yaranan narahatedici simptomları təhlükəsiz kimi təqdim edib.
Məhkəmə iddiasında göstərilən tibbi ekspertiza nəticəsinə görə, qadının ölüm səbəbi epilepsiya ilə əlaqəli qəfil gözlənilməz ölüm (SUDEP) olub. Onun qanında lamotrigin səviyyəsinin aşağı olduğu da qeyd edilib.
OpenAI hadisəni faciəli adlandıraraq, müvafiq yazışmaların artıq istifadədən çıxarılmış GPT-4o modeli ilə aparıldığını bildirib. Şirkət daha yeni modellərdə təcili tibbi yardım tələb edən vəziyyətlərin müəyyənləşdirilməsi imkanlarının təkmilləşdirildiyini də vurğulayıb.
Qeyd edək ki, valideynlərin iddiaları hələ məhkəmə tərəfindən yekun hüquqi qiymətləndirilməyib. ChatGPT-nin qadının ölümündə hüquqi məsuliyyət daşıyıb-daşımadığı barədə yekun qərar verilməyib.