"Fənərbağça" klubunun düşərgəsində baş verən hadisə diqqət çəkib. Baş məşqçi İsmail Kartalın vəzifəsindən ayrılmasından sonra klub prezidenti Aziz Yıldırımın iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
İnsanoid.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, klubun bazasını "Range Rover" markalı avtomobili ilə tərk edən Yıldırım ərazinin çıxışında park edilmiş başqa bir maşına çırpılıb. Hadisə həmin vaxt orada olan jurnalistlərin kameralarına düşüb.
Qəzadan sonra Yıldırımın avtomobilini saxlamadan yoluna davam etməsi müzakirələrə səbəb olub. Bununla belə, onun dəymiş ziyanı ödəməyə hazır olduğu bildirilir. Məlumata görə, klub prezidenti hadisə ilə bağlı aidiyyəti şəxslərlə əlaqə saxlayıb və zərərçəkən avtomobilin sahibinə yeni maşın alacağına söz verib.
Toqquşma nəticəsində "Renault Symbol" markalı avtomobilin arxa hissəsi zədələnib. Görüntülərdən maşının arxa buferinin sol küncünün zərər gördüyü, sol arxa işığının isə sındığı görünür. Yıldırımın idarə etdiyi "Range Rover"in daha çox zədələndiyi qeyd olunur.
Hadisə sosial şəbəkələrdə də geniş müzakirə edilib. İstifadəçilər arasında zədələnmiş "Renault"un satışa çıxarıldığı barədə məlumatlar yayılıb. Paylaşılan elanlardan birində qəza zamanı zərər gördüyü iddia edilən avtomobilin 2013-cü il istehsalı olduğu, 131 min kilometr yol qət etdiyi və heç bir detalının dəyişdirilmədiyi göstərilir.