Cənubi Koreyanın altı müxalifət partiyası ölkə prezidenti Yun Sok Yölün impiçmenti proseduruna yenidən start verərək müvafiq təklifi parlament aparatının aidiyyəti orqanına təqdim edib. Bu barədə Yonhap agentliyi məlumat yayıb.
Təklifin cümə günü parlamentin plenar iclasında təqdim olunması, şənbə günü isə səsvermənin keçirilməsi gözlənilir. Qanuna əsasən, səsvermə plenar iclasda təqdim edildikdən ən azı 24 saat, lakin ən çox 72 saat ərzində keçirilməlidir. Daha əvvəl müxalifət dövlət başçısının vəzifədən kənarlaşdırılması məsələsini hər həftə qaldırmağa hazır olduğunu bildirmişdi.
Təklif əvvəlki kimi 191 deputatın adından müvafiq orqana təqdim edilib. Parlamentdə 300 yer var, onlardan biri formal olaraq neytral olan spikerə məxsusdur. Hakim partiyanın 108 mandatı var.
Dekabrın 12-də səhər prezident könüllü istefadan faktiki olaraq imtina edib və impiçment proseduruna hazır olduğunu bəyan edib.