Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın “1994-cü ildən bəri Azərbaycanla danışıqlar Qarabağın qaytarılması ilə bağlı olub” fikri erməni cəmiyyətində bomba effekti yaradıb.
İnsanoid.com xəbər verir ki, müxalifətin və sabiq dövlət başçılarının yan-yörəsi səhər açılandan müxtəlif açıqlamalar verərək, bu fikri təkzib etməyə, Paşinyanın yalan danışdığına inandırmağa çalışıblar. Robert Köçəryandan tutmuş, Serj Sarkisyana qədər, hətta Köçəryanın oğlu Levon Köçəryan da bu axıma qoşulub. Bununla belə, baş nazir Nikol Paşinyan dediyindən geri çəkilməyib və “keçmiş prezidentlərlə canlı debat formatında dediklərimi əsaslandırmağa hazıram” açıqlamasını verib.
"Yaxşı ki, keçmiş prezidentlər Dağlıq Qarabağ danışıqları prosesi ilə bağlı yazıma öz nümayəndələri vasitəsilə cavab verdilər. Amma mən nümayəndələrin arxasında gizlənmirəm, məncə, gizlənməmək də düzgün olardı.
Keçmiş prezidentlərlə canlı debat formatında dediklərimə haqq qazandırmağa hazıram, bu gün mənim postumu mübahisələndirən prezidentlərin reaksiyasını gözləyirəm”-, deyə erməni baş nazir yenidən gündəmə bomba kimi düşüb.