Əməkdar artist Rəhman Rəhmanov səhhətində yaranan problemdən danışıb.
Axşam.az xəbər verir ki, aktyor ikinci qrup əlillik aldığını bildirib. "Gün ortası" verilişinə qonaq olan R.Rəhmanov bildirib ki, uzun illərdir şəkərdən əziyyət çəkir:
"Bu səbəbdən ayağımda çürümə prosesi gedirdi. Sağ olsun aparıcı Zaur Baxşəliyev mənə yardım etdi. O məni düzgün həkimin yanına yolladı. Nəticədə ayağım sağaldı".
Şəxsi həyatından danışan aktyor xanımının çətin gündə ona dəstəyindən söz açıb:
"İki dəfə ailə qurmuşam. İlk evliliyim 20 il çəkib. Sonra boşanmışam və ikinci dəfə ailə qurmuşam. 31 ildir ki, bu evlilik davam edir. Çox xoşbəxtəm. Xanımım Gülü mənə çox gözəl baxır. O olmasaydı 20 il əvvəl ürəyim partlayıb, öləcəkdim. Birinci oğlum 20 il əvvəl dünyasını dəyişib. Gülü xanım yaşatdı məni, indi də yaşadır. İkinci oğlum Emilin vəfatından sonra Gülü xanım məni yenidən ayağa qaldırdı. O mənə həyatda stimul verir".