Elektromaqnit qasırğası son zamanlar müzakirə edilən mövzulardan biridir. Xüsusilə onun insan sağlamlığına təsiri ilə əlaqədar tez-tez məlumatlarla rastlaşırıq.

Elektromaqnit sahələri, xüsusilə radio dalğaları, mikrodalğalar, mobil telefon siqnalları və digər elektron cihazlardan gələn şüalar elektromaqnit qasırğası adlandırıla bilər. Elektromaqnit qasırğaları, həmçinin “kosmik hava hadisələri” kimi də adlandırılır və Yerin maqnit sahəsinin qoruyucu rolunun azalmasına səbəb olmağa qadirdir. Bu hadisələr yüksək radiasiya səviyyələrinə səbəb olduğu üçün astronavtlara və hava şəraitinə də təsir göstərə bilər.

Elektromaqnit qasırğasının insanlara olan təsiri hələ də araşdırılır, amma mütəxəssislər bu tip sahələrin bəzi insanlar üçün potensial olaraq zərərli ola biləcəyini vurğulayır.

Bəs görəsən, ümumiyyətlə elektromaqnit qasırğası nədir? Meteohəssas insanları kimlərdir və elektromaqnit qasırğası onlara necə təsir edir? Özümüzü necə qoruya bilərik?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən həkim-terapevt Abbas Bağırovun sözlərinə görə, elektromaqnit qasırğası bütün canlılarda mərkəzi sinir sistemini oyadır:

Abbas Bağırov
Abbas Bağırov

“Elektromaqnit dalğası günəşdə baş verən partlayışlar nəticəsində meydana gəlir. Günəşdən yayılan güclü enerji axınları və proton, elektron kimi yüklü hissəciklərin yer kürəsinə doğru yönəlməsi nəticəsində yaranan təbiət hadisəsidir. Bu hadisə, Günəşdəki hər hansı bir aktivlik, məsələn, Günəş partlayışları və ya koronal kütlə atışları ilə əlaqəli ola bilər. Yüklü hissəciklər Yer kürəsinin maqnit sahəsinə daxil olur və bu, maqnit qasırğalarına səbəb ola bilər. Bu hadisələr ən çox maqnit qütblərinə yaxın bölgələrə təsir göstərir.

Elektromaqnit dalğası insanlarda və canlılarda mərkəzi sinir sistemini oyadır. Elektromaqnit sahələrinə uzun müddət məruz qalan insanlar baş ağrıları, yuxu pozğunluqları, halsızlıq, stress, narahatlıq və ya başgicəllənmə kimi simptomlarla qarşılaşa bilərlər Elektromaqnit sahələrinin dəyişməsi insanların sinir sisteminə və ürək döyüntüsünə təsir edə bilər. Xüsusən meteohəssas insanlarda – qan təzyiqi olan, şəkər və sinir sistemi xəstələrdə əhval-ruhiyyə kəskin pozulur. Təzyiq düşür, şəkər xəstələrində narahatlıq artır”.

“Günəşli havada elektromaqnit dalğası daha çox mənfi təsir edir. Xəstəliyi olanlar elektromaqnit dalğasının baş verəcəyi proqnozunu eşitdikdə artıq qoruyucu dərman tədbirlərini görməlidir. Çünki bu tip şüaların meteohəssas insanlara daha çox təsir etməsi ehtimalı var, bu şəxslər elektromaqnit sahələrinə qarşı daha həssasdırlar”, – deyə A.Bağırov fikrini tamamlayıb.

Nəzrin Vahid