Keçmiş televiziya aparıcısı Zabir Əliyev sosial şəbəkələrdə yanlış əməliyyatda və insanı kor etməkdə adı hallanan tanınmış həkim, oftomoloq  Cahid Şahbazov barədə qalmaqallı açıqlama verib.

Məsələ ilə bağlı keçmiş aparıcı Zabir Əliyev Bakuplus.aza verdiyi açıqlamada bacısının da Şahbazovun qurbanı olduğunu bildirib.

O, qeyd edib ki, pandemiyadan əvvəl bacısının gözünü müalicə etmək üçün tanınmış həkimə müraciət ediblər:

“Pandemiyadan bir müddət öncə bacımın gözündə zəifləmə var idi. Şəxsi təşəbbüsü və təkidi ilə bacımı Cahid Şahbazovun yanına apardıq. O, şəkər xəstəliyindən əziyyət çəkirdi. Bacıma deyirdim ki, reklamlara inanma. Saatlarla növbəsini gözlədik. Boş-boş danışdı. Sonra gözünü müayinə etdi və dedi ki, iynə vurdurmaq üçün gəlməlisiniz. Bir gözün iynəsi üçün 200 manat məbləğində pul ödəyirdik. İynə vaxtı da gəlib gözləyirdik”.

“Bacım deyirdi ki, Cahid Şahbazov dərdimizi deməyə imkan vermirdi. Deyirdi heç kəs ağzını açmasın. İynələri vurub, çıxıb gedirdi. Heç onun şəkər xəstəsi olması, digər problemləri ilə maraqlanmadan bu proses keçirilib.

Onun yanında gedəndə bacımın gözünün görmə qabiliyyəti 30 faiz idi. İynələrdən sonra bu 3 faizə düşdü. Bacımı kor etdi. Allah hər şeyi görür. Bacım nəvəsinin üzün görə bilməyəcəyinə görə ağlayırdı. Daha sonra koronovirusdan dünyasını dəyişdi. Harada Cahid Şahbazov haqda məlumat görürəm, mənfi rəy yazıram”, – deyə Z.Əliyev fikrini tamamlayıb.

Xatırladaq ki, sosial şəbəkələrdə tanınmış həkim, oftalmoloq Cahid Şahbazovla bağlı iddia səsləndirilib. Cahid Şahbazov tərəfindən əməliyyat olunan xanım iddia edir ki, həkim onun gözünü kor edib.

Nəzrin Vahid