Oktyabrın 13-14-də Şuşada TÜRKSOY-un Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası keçiriləcək. Bu barədə Report 7 oktyabr tarixində xəbər verib.
TÜRKSOY baş katibinin müavini Sait Yusufun sözlərinə görə, toplantıda 6 qurucu ölkənin - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistanın mədəniyyət nazirləri iştirak edəcəklər. Ənənəvi olaraq, iclasda TÜRKSOY-un fəaliyyəti müzakirə ediləcək, 2024-cü il üçün planlar açıqlanacaq, qərarlar qəbul olunacaq.
TÜRKSOY rəsmisi bağlanış tədbirində qəbul ediləcək bəzi qərarları da diqqətə çatdırıb: “2024-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” estafeti Şuşadan Türkmənistanın Anev şəhərinə keçəcək. Hər ölkənin həmin il üçün anım ili olaraq elan etdiyi tarixi şəxsiyyətlərlə bağlı təqdim etdiyi tarixi proqram da Şuraya təqdim olunacaq”.
Azərbaycanın TÜRKSOY-dakı fəaliyyətinə də toxunan Sait Yusuf ölkəmizin üzv dövlətlər arasında ən aktiv olduğunu bildirib: “Azərbaycan təşkilata hər zaman böyük dəstək verib və verməkdə də davam edir”.