Bakıda avtobuslarda cibgirlik və oğurluq edən 3 nəfər saxlanılıb. Bu haqda dekabrın 13-də DİN məlumat verib.
Saxlanılanlar arasında olan qadın paytaxtın Nizami rayonunda 113 nömrəli avtobusda bir nəfərin çantasından 3 min manata yaxın pul, 15 min manat dəyərində qızıl-zinət və digər şəxsi əşyaları oğurlayıb.
Digər 2 nəfərin isə Nərimanov və Nəsimi rayonlarında avtobuslarda sərnişinlərin cibindən mobil telefonlar, pul və digər qiymətli əşyalar oğurladıqları müəyyən edilib.
Bu tip əməllərdən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.