Naxçıvana uçuşlara görə dotasiyanın məbləği Milli Məclisdə müzakirə edilib. Bu barədə Report 20 oktyabr tarixində xəbər verib.
“"Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) dövlət büdcəsindən Naxçıvana uçuşlara görə dotasiya verilir, amma bu, ümumi xərclərin cəmi 20-25 %-ni əhatə edir”.
Bunu deputat Siyavuş Novruzov bu gün keçirilən Milli Məclisin plenar iclasında "Aviasiya haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Qalan yük AZAL-in üzərinə düşür. Dövlət büdcəsindən Naxçıvana verilən dotasiya 5 milyon manat təşkil edir, amma AZAL ümumilikdə 20 milyon manat xərc çəkir. Yəni yükün 15 milyon manatı AZAL-in üzərində qalır. AZAL bu qədər pulu haradan almalıdır? Naxçıvan blokadada olduğu üçün düşünürəm ki, çəkilən bütün xərcləri dövlət ödəməlidir", - deyə deputat bildirib.