Ötən gün güləş üzrə U-20 dünya çempionatında yunan-Roma Azərbaycan güləşçiləri mübarizəyə start veriblər. Bu barədə İnsanoid bu gün, 19 avqust tarixində Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir.
55 kiloqram çəki dərəcəsində yarışan Fərid Sadıxlı macarıstanlı Edmond Domokosa (8:0) və iordaniyalı Xalid Əhmədə (9:0) tam üstünlüklə qalib gələrək 1/4 finala yüksəlib. Daha sonra o, özbəkistanlı Əlişir Qəniyevə qalib gələrək yarımfinala yüksəlib (5:1). Yarımfinalda Sadıxlı iranlı Əli Vəfanı məğlub edərək (9:0) finala vəsiqə qazanıb.
Final yarışı bu gün baş tutacaq. İdmançı qazaxıstanlı İsxar Kurbayevlə qarşılaşacaq.
63 kiloqram çəki dərəcəsində yarışan Fəraim Məmmədov təsnifat mərhələsində ermənistanlı Yurik Hoveyana xalların keyfiyyətinə görə (7:7) məğlub olub.
Davud Məmmədov (77 kq) debütdə gürcüstanlı Tornike Mikeladzeyə (0:2), Əli Quliyev (87 kq) isə 1/8 finalda fransalı Ali Maqamadova minimal fərqlə (8:9) məğlub olub.
Məzaim Mərdanov (130 kq) ilk mərhələdə misirli Fekri Eissaya müqavimət göstərə bilməyib - 0:9.