II MDB Oyunları üçün Belarusa gedən muay-tay üzrə Azərbaycan millisinin həkimi təyyarədə belaruslu uşağın həyatını xilas edib. Bu barədə İnsanoid 11 avqust tarixində Report-a istinadən xəbər verir.
Azərbaycanlı həkim Dilbər Səfərova birdən halı pisləşən körpəyə ilkin tibbi yardım göstərib.
O, həmin vaxt sərnişinlər arasında yeganə tibb işçisi olub. Tibbi yardımdan sonra D.Səfərova uşağın vəziyyətinin stabil olduğunu bildirib: “Qıc olmuş körpəni tutdum və ilkin tibbi yardım göstərdim. Hərarətini aşağı salmaq üçün ona iynə vurdum”.
Hadisə ilə bağlı təyyarə məcburi eniş edib. Uşaq isə həkim tərəfindən təcili tibbi yardım əməkdaşlarına təhvil verilib.
Daha sonra azərbaycanlı həkim komandasının yanına qayıdıb.