Bakıda evdə baş vermiş partlayış nəticəsində xəsarət alanlar var. Bu barədə İnsanoid bu gün, 23 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.
81 yaşlı İmanqulu Quliyevə məxsus ümumi sahəsi 250 m² olan ikimərtəbəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunan partlayış baş verib.
Hadisə nəticəsində 25 yaşlı Fərəh Quliyeva və 26 yaşlı Toğrul Quliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq təcili yardım briqadasına təhvil veriliblər.
Yanğın nəticəsində evin 1-ci mərtəbəsində üç otağın yanar konstruksiyaları 125 m² sahədə yanıb, otaqların pəncərə çərçivələri və dəmir barmaqlıqlar yerindən çıxıb.
FHN-in qüvvələri tərəfindən, həmçinin hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Araşdırma aparılır.