Bakıda çoxmərtəbəli yaşayış binasında liftin qırılması nəticəsində 6 nəfər ağır xəsarət alıb. Bu barədə İnsanoid Report.az-a istinadən bu gün, 30 iyun tarixində xəbər verir.
Hadisə ötən gün axşam saatlarında paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus “Uğur-2” yaşayış kompleksində baş verib.
Kompleksdəki üçüncü binanın lifti 7-ci mərtəbədə olan zaman qırılıb və şaxtaya düşüb.
Hadisə nəticəsində liftdə olan 6 nəfər (ikisi azyaşlı) müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şahidlərin sözlərinə görə, onlardan birinin vəziyyəti ağırdır.
TƏBİB-dən bildirilib ki, qurumun tabeliyində olan Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları çağırış əsasında hadisə yerinə cəlb edilib:
“Dörd nəfər qadın müxtəlif travmalarla TƏBİB-nin tabeliyindəki Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub”.
Yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.