Bakının Səbail rayonunda 189 nömrəli tam orta məktəbdə insident yaşanıb. Bu barədə İnsanoid bu gün, 11 iyun tarixində xəbər verir.
Məktəbin mühafizəçisi 9-cu sinif şagirdini döyüb.
İyunun 7-də məktəbin texniki işçisi ilə IX sinif şagirdi arasında baş verən insidentlə bağlı araşdırma aparılıb:
"Araşdırma zamanı məlum olub ki, dərsdən sonra texniki işçi bir şagirdin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) pəncərədən məktəbin arxa həyətinə düşdüyünü görüb. Yaxınlaşaraq şagirdə irad bildirib və məktəb rəhbərliyinin yanına dəvət edib. Bu zaman aralarında anlaşılmazlıq və insident yaşanıb. Məktəb rəhbərliyi tərəfindən şagirdin valideynləri məktəbə dəvət ediliblər. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Texniki işçinin izahatı alınıb, bu kimi halların yolverilməz olduğu bildirilib və o, işdən azad olunub".
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən isə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:
"Sosial şəbəkədə yayılan görüntülərdən məlumatlıyıq. Aidiyyəti üzrə müvafiq polis bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək".