Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və erməni həmkarı Ararat Mirzoyan arasında danışıqlar aparılıb. İnsanoid bu barədə 30 iyun tarixində Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.
Görüşlər 27-29 iyun tarixlərində ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində baş tutub.
Onlar Vaşinqtonda olarkən ABŞ-nin dövlət katibi Entoni Blinken və Prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər. Bildirilir ki, nazirlər və onların heyətləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub:
"Saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib və Saziş layihəsi üzrə qarşılıqlı anlaşmaya doğru addım atılıb. Eyni zamanda bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.
Hər iki nazir Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə edib".