“İnsanoid.com” sizə “Vikipediya”nın tarixi ilə bağlı 5 maraqlı fakt təqdim edir:
İlk öncə filosof Larri Senqer və maliyyəçi Cimmi Uels tərəfindən 1999-2000-ci illərdə “Nupediya” adlı virtual ensiklopediya yaradılıb. 15 yanvar 2001-ci ildə isə “Vikipediya” “Nupediya”ya əlavə olaraq fəaliyyət göstərməyə başlayıb. Lakin “Nupediya”ya məqalələrin daxil olunması prosesi çox ləng getdiyindən o, 2003-cü ildə bağlanıb.
“Nupediya”ya yüklənilən məqalələrə alim və mütəxəssislər tərəfindən dəqiq baxış keçirilirdi. “Nupediya”dan fərqli olaraq, “Vikipediya” könüllü İnternet istifadəçilərinin yoxlanılmasına imkan yaratdı. Bu, ensiklopediyanın sürətlə zənginləşməsinə və məşhurlaşmasına səbəb oldu.
“Vikipediya” sözü “wiki” - havay dilindən tərcümədə “tez” və latın dilində olan “encyclopedia” sözlərindən yaranıb.
“Vikipediya” hal-hazırda dünyanın ən böyük ensiklopediyasıdır. 2007-ci ilə qədər dünyanın ən böyük ensiklopediyası Çin imperatorunun əmri ilə 1403-1408-ci illlərdə hazırlanmış Yunle ensiklopediyası olub.
Vikipediyanın Azərbaycan dilində bölməsi 2 iyun 2002-ci ildə yaradıldı. Hazırda “Vikipediya”da Azərbaycan dilində 200 minə yaxın məqalə mövcuddur. 2023-cü ilin dekabr ayı ərzində “Vikipediya”nın Azərbaycan dilində olan səhifələri 37 milyon dəfə ziyarət edilib, 2023-cü il ərzində isə bu rəqəm 358 milyona çatıb”.