Ramiz Rövşən kimi tanınan Ramiz Məmmədəli oğlu Əliyev 15 dekabr 1946-cı ildə Bakının Əmircan qəsəbəsində anadan olub. O, əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir.
Ramiz Rövşən Suraxanı rayonundakı 208 nömrəli orta məktəbdə təhsil alıb. O, 1964-1969-cu illərdə indiki BDU-nun filologiya fakültəsini, 1976-1978-ci illərdə Moskva Ali Ssenari Kurslarını bitirib.
Şair “Ayrılıq”, “Qara paltarlı qadın”, “İlan balası”, “Dünyanın sən olan yeri”, “Yavaş-yavaş sevdim səni” kimi şeirlərin müəllifidir. Ramiz Rövşənin “Sevgi açarı”, “Göy üzü daş saxlamaz”, “Bu dünyanın hər sifəti”, “Gedək biz olmayan yerə” və digər kitabları var. Onun ssenariləri əsasında bədii və sənədli filmlər çəkilib. Şeir və hekayələri isə tərcümə edilərək keçmiş SSRİ respublikalarından başqa, ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Polşa, Bolqarıstan, Türkiyə və İranda çap olunub.
Ramiz Rövşən 2014-cü ildə “Türk Dünyası Bilim, Kültür ve Sanat Ödülü” mükafatına layiq görülüb. O, 2019-cu ildə Avrasiya Akademiyasının akademiki və akademiyanın “Avrasiya Əfsanəsi” mükafatını alıb. Həmin ildə şair Azərbaycan Respublikasının “Xalq şairi” fəxri adına layiq görülüb.