Bakıda narkotik satan və tiryəkxana təşkil edən 60 nəfər saxlanılıb. Bu barədə 26 iyul tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Paytaxtın Xətai rayonunda şəhər sakinləri: Fəxri Abbasov, Pərviz Rəhimov, Xəyal Hüseynov və Dünyaxanım Bağırzadə saxlanılıblar. Onlardan ümumilikdə 8 kiloqram heroin və marixuana aşkar edilib.
Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxtda satmaq üçün əldə etdiklərini bildiriblər.
İyun-iyul aylarında keçirilən digər əməliyyatlar zamanı bir neçə mənzildə tiryəkxana təşkil edən, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 60 nəfər saxlanılıb. Onların üzərindən və yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ güclü təsiredici xassəyə malik narkotiklər, həmçinin psixotrop maddələr aşkar edilib.