Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) "Qarabağ" – HİK və “Neftçi” - “Beşiktaş” oyunları ilə bağlı azarkeşləri oyunların keçiriləcəyi əraziyə gələrkən ictimai nəqliyyatdan istifadə etməyə çağırıb.
Bu barədə 10 avqust tarixində İnsanoid-ə İdarədən bildirilib.
Bu gün saat 20:00-da UEFA Avropa Liqasının III təsnifat mərhələsinin birinci oyununda Azərbaycan çempionu "Qarabağ" Finlandiyanın HİK komandası ilə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda, "Neftçi" klubu isə UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə “Beşiktaş”ı ilə "Neftçi Arena"da qarşılaşacaq.
“Ərazilərdə metronun “Gənclik” və “Xalqlar dostluğu” stansiyalarının olması və avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandalarımızın oyunlarına baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərdən xahiş edirik ki, həmin ərazidə, əsasən, ictimai nəqliyyatdan istifadə etsinlər”, - İdarənin rəsmisi bildirib.
Həmçinin məlumatda azarkeşlərə əraziyə 1 saat əvvəldən gəlmək tövsiyə olunub.