Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə 30 iyun tarixində İnsanoid xəbər verir.
Fransa Prezidenti Emmanuel Makron tərəfindən Marsel şəhərində erməni icması ilə görüşdə Azərbaycan əleyhinə səsləndirilmiş, Ermənistanı birtərəfli qaydada müdafiə edən və həqiqəti əks etdirməyən fikirlərlə bağlı Fransa tərəfinə etiraz edilib və məsələyə dair Fransa tərəfindən izahat istənilib.
Səfirə bildirilib ki, E. Makronun yenidən ölkəmizin əleyhinə qərəzli fikirlər səsləndirməsi Fransa prezidentinin erməni lobbisinin əlində bir alət olduğunun, müharibə və müharibədən sonrakı dövrdə öz məqsədlərinə nail ola bilmədiyinin bariz nümunəsidir.
Vurğulanıb ki, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınması fonunda Makrona istinadən yayılmış bu kimi qərəzli bəyanatlar bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına mane olur. Bununla yanaşı, separatçılıq və terrorçuluğu təşviq edənlərin və dəstəkləyənlərin destruktiv fəaliyyətini daha da genişləndirməsinə rəvac verir.