Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncədə unlu qənnadi məmulatlarının istehsalı müəssisəsində yoxlama keçirib. Bu barədə İnsanoid AQTA-ya istinadən bu gün, 20 oktyabr tarixində xəbər verir.
Fiziki şəxs Quliyeva Ruhiyyə Calal qızına məxsus unlu qənnadi məmulatlarının istehsalı müəssisəsinə keçirilən baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin, sanitariya norma və qaydalarının pozulduğu məlum olub.
Müəssisədə məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi, istehsal olunan məhsulların (qənd, pryanik, marmelad və şərq şirniyyatı) etiket məlumatlarının düzgün qeyd olunmadığı və digər nöqsanlar müəyyən edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, istehsal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, icrası məcburi göstərişlər verilib və sahibkar barəsində inzibati tədbir görülüb.