Gəncə şəhərində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücülər saxlanılıblar. Bu barədə 29 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
2 nəfər şəhər sakini özlərinə məxsus “VAZ” markalı avtomobil ilə şəhər ərazisində avtoxuliqanlıq edərək idarə etdikləri nəqliyyat vasitələri ilə “yarış təşkil ediblər”.
Bir-biriləri ilə toqquşaraq qəza törədən sürücülər polis əməkdaşları tərəfindən saxlanılıblar. Onların barələrində protokol tərtib olunaraq məhkəməyə göndərilib.
Bundan başqa, Yol Polisi Şöbəsi əməkdaşlarının keçirdikləri monitorinqlər nəticəsində “Opel” və “VAZ” markalı avtomobillərin sürücülərinin toy karvanına qoşularaq yollarda intizamsızlıq etmələri, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etmələri, digər hərəkət iştirakçılarına təhlükə yaratmaları məlum olub. Həmin sürücülər saxlanılaraq, inzibati məsuliyyətə cəlb olunublar.