Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda 20 Yanvar faciəsinin növbəti ildönümü ilə bağlı “1990-cı ilin qara yanvarı: Azərbaycanın azadlığa gedən yolu“ adlı anım mərasimi keçirilib. Bu barədə 20 yanvar tarixində Report Baş Konsulluğa istinadən bildirib.
Mərasimdə Los-Ancelesdə fəaliyyət göstərən xarici ölkələrin baş konsulları, Los-Ancelesdəki konsulluq korpusunun nümayəndələri, elm və mədəniyyət xadimləri, dost icmaların rəhbərləri və icma üzvləri, yerli universitetlərin professorları, Azərbaycan icmasının üzvləri və digərləri iştirak ediblər.
Mərasim iştirakçıları faciə qurbanlarını bir dəqiqəlik sükutla anıblar.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Ramil Qurbanov çıxış edərək, qanlı 20 Yanvar hadisələri barədə məlumat verib, həmin hadisələr zamanı Sovet qoşunları tərəfindən çox sayda günahsız insanın amansızcasına qətlə yetirildiyini qeyd edib.
Faciə ilə bağlı Baş Konsulluq tərəfindən hazırlanmış qısa film nümayiş olunub.
Tədbirdən sonra qonaqlar üçün ehsan süfrəsi açılıb.