Naxçıvan Daxili İşlər Nazirliyi (DİN) muxtar respublikada uşaq oğurluğu hallarının olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.
Bu barədə 23 sentyabr tarixində Report xəbər verib.
"Naxçıvan Muxtar Respublikasında uşaq oğrularının dolaşması barədə "WhatsApp" hesabları vasitəsilə insanlara göndərilən xəbərlər tamamilə dezinformasiyadır", - nazirlikdən bildirilib.
Bundan əvvəl, "WhatsApp" proqramı vasitəsilə sakinlərə Naxçıvanda uşaq oğrularının olduğu barədə mesajlar göndərilib. İddiaya görə, naməlum şəxslər Qaraxanbəyli məktəbinin qarşısında 5-ci sinif şagirdini oğurlamağa cəhd ediblər. Həmin mesajlarda bir qadının evləri dolaşaraq uşaqların sayını dəqiqləşdirdiyi bildirilir.