Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə əlaqədar ekspert komissiyaları yaradılır. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda müşavirədə məlumat verib.
Bu barədə 8 yanvar tarixində Report məlumat verib.
"Növbədənkənar Prezident seçkiləri ilə bağlı MSK-nın nəzdində vətəndaşların seçki hüququnu pozan qərar, hərəkətsizlikdən, hərəkətlərdən 9 nəfərdən, dairə seçki komissiyaları tərkibində isə 3 nəfərdən ibarət ekspert komissiyaları yaradılır", - o deyib.
A.Muxtarova bildirib ki, daxil olan şikayətlərdə qanunsuz hərəkətin məzmunu əks etdirilməlidir: "Hərəkətsizlik hər hansı seçki subyektinin qanunla üzərinə düşən vəzifəni icra etməməklə özünü ifadə edir. Belə olduğu halda, bu barədə məlumat təqdim edilmiş şikayətdə öz əksini tapmalıdır".