Şəkidə 3-ü azyaşlı olmaqla 4 nəfərin həyatını itirdiyi avtomobil qəzası baş verib. Bu barədə İnsanoid bu gün, 19 avqust tarixində APA-ya istinadən xəbər verir.
Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayonu Köbər Zəyzid kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.
Şəkidən Oğuz rayonu istiqamətində hərəkət edən “Mercedes” markalı minik avtomobilinin sürücüsü, 34 yaşlı Nicat Mirzəyev idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çarpılıb.
Hadisə zamanı sürücü və avtomobildə olan 3 azyaşlı həyatını itirib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsin çıxarılması üçün əraziyə xilasedicilər cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.