Bu gün Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 9 nəfəri uşaq və 1 nəfəri qadın olmaqla 10 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib. Bu barədə 17 oktyabr tarixində Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.
Bildirilib ki, repatriasiya olunmuş uşaqlardan 4 nəfərinin hər iki valideynini itirdiyi məlumdur.
Repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və sonradan Türkiyə ərazisinə keçidinə nail olunub. İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilərək repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub. Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən vətəndaşlarımız Azərbaycana qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin ediliblər.
Oktyabrın 17-də nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib.