Bir müddət əvvəl səhhəti ilə bağlı şərti azadlığa buraxılan Yevlaxın sabiq icra başçısı Qoca Səmədov vəfat edib. Bu barədə 6 dekabr tarixində Report məlumat verib.
O, ötən gün axşam saatlarında evində dünyasını dəyişib.
Qeyd edək ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılmışdı.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Hökmdən narazı qalan Q.Səmədov apellyasiya şikayəti vermişdi. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilmişdi. O, həbsdə olduğu müddətdə 4 dəfə ürəyindən əməliyyat edilmişdi. Bir müddət əvvəl səhhəti ilə əlaqədar şərti azadlığa buraxılmışdı.