Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Dadaş Dadaşzadənin Monteneqrodan ölkəmizə ekstradisiyası barədə razılıq əldə olunub.
Baş Prokurorluğun Mətbuat xidmətindən İnsanoid.com-a verilən məlumata görə, qurumun Monteneqro Ədliyyə Nazirliyinə müraciəti, tələb olunan sənədlərin təqdim edilməsi və aparılan danışıqlar nəticəsində ekstradisiya ilə bağlı razılıq əldə edilib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsində araşdırılan cinayət işi üzrə Dadaş Dadaşzadənin ölümlə nəticələnən yol qəzası törətməsinə əsaslı şübhələr müəyyən edilib. O, təqsirləndirilən şəxs qismində cəlb olunub və istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.
Keçirilən tədbirlər nəticəsində onun Monteneqro ərazisində olduğu yer müəyyənləşdirilib və saxlanılması təmin edilib.
Hazırda Dadaş Dadaşzadənin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür.