Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "Apple" məhsullarında aşkarlanan təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə xəbərdarlıq edib.
İnsanoid.com xəbər verir ki, xəbərdarlığa əsasən, "iOS", "iPadOS" və "macOS" əməliyyat sistemlərinin bəzi versiyalarında mövcud olan boşluq kiberdələduzlara istifadəçilərin cihazlarına nəzarəti ələ keçirmək imkanı yaradır.
Hazırda vətəndaşlara xarici nömrələrdən zənglər edilir, həmçinin "WhatsApp" və "Telegram" vasitəsilə aldadıcı mesajlar göndərilərək zərərli fayllar yayılır. Əməliyyat sistemlərinin son versiyasından istifadə etməyən şəxslərin cihazları bu fayllar vasitəsilə ələ keçirilə, şəxsi məlumatları isə icazəsiz əldə oluna bilər.
MKA istifadəçilərə iPhone, iPad və Mac cihazlarının əməliyyat sistemlərini ən son versiyaya yeniləməyi, naməlum mənbələrdən göndərilən faylları açmamağı və avtomatik yeniləmələri aktivləşdirməyi tövsiyə edib.