Ukrayna Prezidenti Volodimir Zelenski "Rassvet" peyk rabitəsi sisteminin yaradılmasında iştirak edən Rusiya şirkətləri və fiziki şəxslərinə, eləcə də Rusiyanın "kölgə donanması"nın 39 gəmisinə qarşı sanksiyaların tətbiq edilməsi haqqında fərmanlar imzalayıb.
Bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Rassvet" layihəsi ilə bağlı sanksiya siyahısına Rusiyanın 10 şirkəti və 19 vətəndaşı daxil edilib. Açıqlamaya görə, Rusiya "Starlink"in analoqu kimi özünün aşağı orbitli peyk şəbəkəsini yaratmağa və ondan Ukraynaya qarşı istifadə etməyə çalışır.
Sanksiyaya məruz qalan təşkilatlar arasında layihənin tərtibatçısı və sistem inteqratoru olan "Büro 1440", kosmik aparatlar üçün günəş batareyalarının istehsalı üzrə ixtisaslaşan "Labs 1440" şirkəti, eləcə də aşağı orbitli rabitə peyklərinin və abunəçi terminallarının hazırlanması və istehsalı ilə məşğul olan "FAB Rassvet" var.
Məhdudiyyətlər həmçinin Belarusun "Aerokosmik cihazlar" müəssisəsinə, "5S Qrupp", "Akvamaş" İstehsalat Birliyi, "El-Optiks", "Elesar-Qrupp" və "Kiçik kosmik aparatlar" şirkətlərinə də şamil edilib.
Bundan başqa, Rusiya nefti, neft məhsulları və qaz kondensatının ixracı üçün istifadə olunan 39 dəniz gəmisinə də sanksiyalar tətbiq edilib.
Siyahıya Rusiya bayrağı altında üzən 17 gəmi, Barbados, Liberiya, Marşall adaları və Panama (hər birindən 3 gəmi), Honq-Konq (2 gəmi), Cibuti (2 gəmi), həmçinin Baham adaları, Ekvatorial Qvineya, Palau və Syerra-Leone bayraqları altında üzən gəmilər daxil edilib.
Gəmilərin bir hissəsi artıq Avropa İttifaqı, Böyük Britaniya, ABŞ, Kanada, İsveçrə və Avstraliyanın sanksiyaları altındadır. Ukrayna digər yurisdiksiyalarda sinxronlaşdırılması üçün yeni məhdudiyyətlər barədə məlumatı tərəfdaşlarına ötürmək niyyətindədir.