Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) sammitində çıxış edərək Ermənistanla sülh prosesi və Zəngəzur dəhlizinin reallaşdırılmasının vacibliyinə toxunub.
İnsanoid.com-un məlumatına əsasən, nazir bildirib ki, Ermənistan Azərbaycanla sülh sazişinin imzalanması üçün zəruri siyasi və hüquqi addımlar atmalıdır. Onun sözlərinə görə, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə münaqişəyə son qoyub. Bayramov ötən il sülh sazişinin paraflandığını da xatırladıb.
Ceyhun Bayramov iqtisadi əməkdaşlığın genişləndirilməsini TDT-nin əsas prioritetlərindən biri adlandırıb. O, Orta dəhlizin inkişafı, Zəngəzur dəhlizinin reallaşdırılması, nəqliyyat əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiyalar və birgə layihələrin ticarət və sənaye sahələrində yeni imkanlar yaradacağını vurğulayıb.
Nazir, həmçinin "TDT+" formatının təşkilatın beynəlxalq mövqelərinin gücləndirilməsində rolunu qeyd edib və qurumun BMT Baş Assambleyasında müşahidəçi statusu əldə etməsi istiqamətində səylərin davam etdirilməsinin vacibliyini bildirib.
Bayramov Azərbaycanın sədrliyi dövründə TDT-yə üzv dövlətlərin göstərdiyi dəstəyə görə təşəkkür edib, təşkilatda sədrliyi qəbul edən Türkiyəyə uğurlar arzulayıb.