Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Hacı İsayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib. Sonuncu keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
İttihama görə, hadisə bu il Bərdə rayonunun Qasımbəyli kəndində baş verib.
Belə ki, Hacı İsayev həmkəndlisinin övladı üçün təşkil etdiyi kiçik toy şənliyinə qatılıb. Təqsirləndirilən şəxs burada spirtli içki qəbul edərək orta dərəcəli sərxoş vəziyyətə düşüb.
Həmin vaxt onunla eyni masa arxasında əyləşən Bərdə şəhər sakini olan zərərçəkmiş Rüfət Tağızadə (adı, soyadı şərtidir) də spirtli içki qəbul edib və orta dərəcəli sərxoş vəziyyətdə olub. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin atası barədə nalayiq ifadələr işlətməsi tərəflər arasında narazılığa səbəb olub.
Sözlü mübahisə qısa müddətdə davaya çevrilib. Münaqişə zamanı Hacı İsayev istintaqla müəyyən edilməmiş kəsici-deşici alətlə zərərçəkmiş şəxsin çiyin nahiyəsinə qəsdən iki dəfə zərbə endirib.
Bıçaq zərbələri nəticəsində Rüfətin sol çiyin qurşağının arxa səthində deşilmiş-kəsilmiş yara, döş boşluğunun sol yarısının arxa divarında açıq yara, eləcə də sol tərəfli hemopnevmotoraks yaranıb.
Məhkəmə istintaqı zamanı Hacı İsayev Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Mənbə: Pravda.az