Azərbaycanda 85 yaşlı qadın sənəddə "kişi" kimi qeyd olunub. Bu barədə 29 yanvar tarixində ATV telekanalı süjet hazırlayıb.
85 yaşlı Bilqeyis ana 2005-ci ildə şəxsiyyət vəsiqəsini yeniləmək üçün İmişli rayonunun polis bölməsinə müraciət edib.
Sənəddə Əhmədova Bilqeyis Cəmil qızı yazılması əvəzinə Əhmədov Bilqeyis Cəmil oğlu yazılıb. Qadın bildirib ki, hara gedirsə, ona "bu arvad kişidir" deyə gülürlər:
“Anamın heç oğlu olmayıb, amma oğlu yazıblar sənəddə”.
Bilqeyis xanımın oğlu bildirib ki, bu, anasına illərdir ki, çətinlik yaradır: “Adına torpaq var, çıxarış verilməlidir, lakin ala bilmirik, deyirlər vəsiqə dəyişdirilməlidir. Banka pensiya üçün gedəndə çətinlik yaranır”.
Məsələnin həlli üçün doğum haqqında şəhadətnamə tələb edilir ki, ailə də bunu bəzi səbəblərdən tapa bilmir.
Daxili İşlər Nazirliyindən bildirilib ki, texniki xəta nəticəsində qeyd edilən məlumatlar artıq yenilənib.
Vətəndaşa yeni şəxsiyyət vəsiqəsinin verilməsi təmin olunacaq.