İşğal boyunca Ermənistan Xocavənd, Ağdam, Xocalı, Şuşa və Xankəndi də daxil olmaqla Azərbaycan torpaqlarında qanunsuz arxeoloji qazıntılar aparıb. Bu, "Ermənistanın azərbaycanlılara məxsus mədəni və tarixi irsi mənimsəməsi ilə bağlı hesabat"da yer alıb.
Hesabatda qeyd olunur ki, 2002-ci ildən etibarən Azıx mağarasında qazıntı işləri İspaniya, Böyük Britaniya və Niderlandın iştirakı ilə həyata keçirilib. Tarixi materiallar aşkar edilərək Ermənistan və Qərb ölkələrindəki muzeylərə daşınıb. Bundan başqa mağara döyüş sursatlarının saxlanması və hərbçilərin döyüş poliqonu kimi istifadə olunub.
Qanunsuz qazıntı işləri, həmçinin Ağdamda Şahbulaq qalası yaxınlığında həyata keçirilib və 2020-ci ilin iyuluna kimi, 14 il davam edib. Burada da aşkar edilmiş bütün artefaktlar qanunsuz olaraq Ermənistana göndərilib.
Xocavənd rayonunun Tağlar mağarası paleolit dövrünə aid əmək alətlərinin mənşəyini öyrənməyə imkan verir. Xarici ölkələrdən gəlmiş mütəxəssislərin iştirakı ilə bu mağarada da aparılmış qanunsuz qazıntı işləri zamanı minlərlə nümunələr aşkar edilərək talanıb və xaricə çıxarılıb.
Ermənistan tərəfindən qanunsuz qazıntı işlərinə məruz qalan digər bir abidə Xudavəng monastırıdır. Ermənistan özü etiraf edib ki, 2007-ci ildə aparılmış qazıntılar zamanı Ermənistan xristian ənənələrinə xas olmayan türbə aşkar edilib. Dəyərli qalıqlar monastırın erməni abbatlığı tərəfindən müsadirə edilib.