Namərdqalası Gədəbəy rayonunun Söyüdlü kəndi ərazisində yerləşən tarixi memarlıq abidəsidir. Qalanın uzunluğu 250, hündürlüyü isə 15 metrdir. O, dəniz səviyyəsindən təxminən 2000 metr hündürlükdə çətin keçilən dağ şəraitində tikilib. Abidə 8 bürcdən ibarətdır, üst hissəsində isə yaşayış kompleksi olub. Ətrafda çay daşlarının çox olmasına baxmayaraq o, bişmiş qırmızı kərpicdən tikilib.
Elmi ədəbiyyatda Mamır və Çerek kimi də tanınan abidəni yerli sakinlər Qız Qalası adlandırırlar. Qalanın nə vaxt və hansı tarixi səbəbdən tikilməsi məlum deyil. İnşaat materialı və tikinti-memarlıq xüsusiyyətlərinə görə onu XII əsr “Eldənizlər” dövrünə aid edirlər.
Rəvayətə görə, vaxtilə qalada yaşayan qız namərdlərin əlinə keçməmək üçün özünü qaladan atıb. Namərdqala və Qız qalası adı da bu əfsanədən qaynaqlanıb.
Qafqaz Albaniyası ədəbiyyatının nümayəndələrindən biri olan Kirakos Gəncəlinin qeydlərinə görə, 1220-ci ildə monqol-tatar yürüşlərindən qaçan alban katolikosu İohan Çarek qalasına sığınmış və kilsə mərkəzini buraya daşımışdır.
View this post on Instagram