"Formula 1" üzrə dünya çempionatında 2021 mövsümünün ən yaxşı Qran-priləri sırasında Azərbaycan yer alıb. Bu haqda yanvarın 11-də Report məlumat paylaşıb.
Azarkeşlər arasında aparılmış səsverməyə əsasən, İtaliya Qran-prisi 19 %-lə birinci olub. Eyni zamanda, ikinci yerdə 16 %-lə Abu-Dabidə təşkil olunmuş Qran-pri, üçüncü yerdə isə 10 %-lə Braziliyadakı San Paulu Qran-prisi qərarlaşıb.
Azərbaycan Qran-prisi isə 8% səslə 4-cü olub. Bundan sonra isə Macarıstan Qran-prisi 7 %-lə yer alıb.
Sorğuda 52 mindən çox fanat iştirak edib.
Azərbaycan Qran-prisi 2021-ci ildə 4 - 6 iyunda baş tutub. 2022-ci ildə isə yarışın 10 - 12 iyunda keçirilməsi nəzərdə tutulub.