Ayrımlar Kiçik Qafqazda yaşayan qədim və köklü türk tayfası olan azərbaycanlıların etnoqrafik adıdır.
Ayrımlar əsas xalqdan ayrı düşərək, dağlıq ərazilərdə yaşadıqlarına görə onları ayrımlar, yəni, ayrılıqda yaşayanlar adlandırıblar. Əvvəllər “ayrım” sözü “ayrum” kimi istifadə edilib, lakin sonralar “ayrum” sözu “ayrım”a dəyişilib.
Bəzi mənbələrə görə isə, XV əsrin əvvəllərində Teymurilərin hökmdarı Əmir Teymur osmanlı sultanı ilə Ankara döyüşündən sonra, Türkiyə ərazisindən köçürdüyü 50 min ailənin böyük hissəsini Gəncə və Qarabağ ərazilərində yerləşdirib. Köçürülən əhali sonralar ayrım adı ilə tanınıb ki, bu da ayrı düşmək anlamına gəlir.
“Narodı Qafqaza” kitabında sovet vaxtı Azərbaycanda ayrımların Gədəbəy, Daşkəsən, Gəncə ərazilərində və Kiçik Qafqaz dağlarında yaşadıqları qeyd edilib. Həmçinin onların əsas məşğuliyyətlərininin dağ maldarlığı və əkinçilik olduğu yazılıb.
XVIII əsrdə Gəncə xanlığının mahallarından biri də Ayrım mahalı idi. Gəncənin sonuncu xanı Cavad xanının məktublarında, “ayrumi tayfası” ifadəsi bir neçə dəfə istifadə olunub. Həmçinin Cavad xanın general Knorrinqə yazdığı məktubda ayrımlar Gəncə xanlığının qədim elatı adlandırılıb.