Bu qış vətəndaşlar istirahət etmək üçün Azərbaycanın şimal və şimal-qərb rayonlarına üz tutacaq. Bu barədə turizm eksperti Kənan Hənifəyev noyabrın 20-də Trend-ə açıqlama verib.
Mütəxəssisin sözlərinə görə, həmin bölgələrə kütləvi turist axınının Yeni il ərəfəsində olması gözlənilir. O qeyd edib ki, bir günlük turların ortalama qiyməti 23-25 manatdan, iki günlük turların qiyməti isə 75 manatdan başlayır. Bura nəqliyyat, qidalanma, hoteldə qalma kimi xidmətlər daxildir.
“Regionlarda hotellərin özlərinin təklif etdiyi qiymətlər də var. Qiymətlər hotellərin ulduz və otaq sayına görə dəyişir. Ortalama qiymət 80-120 manat civarında dəyişir", - turizm eksperti deyib. Kənan Hənifəliyev əlavə edib ki, Türkiyənin şəhərlərinə də turlar mövcuddur. Bir həftəlik turların qiyməti bir nəfər üçün təqribən 200-250 dollar təşkil edir. Pandemiya ilə əlaqədar səyahət qadağaları tam aradan qaldırılarsa, daha çox ölkəyə turların təşkil olunması gözlənilir.
İnsanoid Qusarda yerləşən “Şahdağ” və Qəbələdəki “Tufandağ” komplekslərində iki nəfərlik istirahət üçün qiymət müqayisəsini aparıb. Araşdırma dekabrın 1-dən 2-dək olan qiymətlər əsasında aparılıb.
Qeyd edək ki, Şahdağda 14 xizək yolu, 12 kanat qaldırıcı, 4 hotel (Shahdag Hotel & Spa, Zirve Otel, Pik Palace, Park Chalet) və 20-yə yaxın restoran xidmət göstərir. Qələbədə isə 2 otel (Tufandag Mountain Resort Hotel və Riverside Hotel), 10 xizək yolu və kanat yolu fəaliyyət göstərir.
“Shahdag Hotel & Spa”da qiymətlər 113-158 manat, “Pik Palace”da 153-318 manat, “Park Chalet”də hotelində isə 135-417 manat civarında dəyişir. Qəbələdə yerləşən “Riverside Hotel”də qiymətlər 200 manatdan, “Tufandag Mountain Resort hotel”də isə 157 manatdan başlayır.